Dil öyrənmək və məcburiyyət
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
Universitetə qəbul üçün müsahibəyə hazırlıq qaydaları xaricdə təhsil almağı arzulayan və hazırlaşan tələbələrimizi ən çox narahat edən məsələlərdəndir. Müsahibə (və ya intervü) xarici universitetlərin qəbul qaydaları və ya müraciət proseduruna daxildir. Bir çox hallarda isə motivasiya məktubu ilə yanaşı qəbul üçün ciddi nüanslardan biri hesab edilir. Elə olur ki, tələbənin qiymətləri və dil biliyi yaxşı səviyyədə olsa da, müsahibədə zəif olduğuna görə, universitetin komandası həmin tələbəyə imtina cavabı verir. Bu baxımdan, baxaq ki, müsahibədə adətən hansı suallar ola bilər və buna necə hazırlaşmaq lazımdır.
Müsahibə sualları
Bir çox universitetlərdə müsahibə sualları formal xarakter daşısa da, bunu hamısına aid etmək olmaz. Bu səbəbdən də, bu məqalədə qeyd olunmayan sualları da gözləməkdə fayda var. Çalışacağam ki, bütün mümkün variantlara toxuna bilim. Başlayaq.
Özünüzü təqdim edin
Ən birinci sual tələbənin özünü təqdim etməsi ilə başlayır. Tələbənin bu suala verə biləcəyi ən düzgün cavab təxminən belə olacaqdır: “Mənim adım Şamildir və X1 universitetinin Beynəlxalq münasibətlər ixtisasının bakalavr pilləsində təhsil alıram. Hal-hazırda 4-cü kurs tələbəsiyəm. Təhsilimi sizin universitetin Beynəlxalq təhlükəsizlik ixtisasında və magistratura dərəcəsi üzrə davam etdirməyi hədəfləyirəm. Təhsilimlə yanaşı X1 qurumun (Nazirlik, dövlət orqanı, özəl şirkət, təşkilat və s.) Siyasi araşdırmalar şöbəsində təcrübə proqramı keçirəm”.
Nəyə görə bu ixtisas?
Formal suallardan olsa da, cavabında ixtisasın tələbə və cəmiyyət (geniş mənada dünya) üçün önəmli məqamları qeyd olunmalıdır. Məsələn, mən Beynəlxalq təhlükəsizlik üçün müraciət etsəm, cavabım təxminən belə olardı. “Təhlükəsizlik istər sosial, istərsə də siyasi baxımdan hamımız üçün çox önəmlidir. Bu kimi məsələlərə maraq məndə 2-ci kursda yaranmışdır. O vaxtdan indiyə kimi araşdırmalarım göstərir ki, dövlət daxildə öz təhlükəsizliyini bərqərar edə bilmirsə, bu həm cəmiyyəti inkişafdan saxlayar, eyni zamanda region üçün də ciddi bir problemə çevrilə bilər. Beynəlxalq təhlükəsizlik isə kiçik mənada dövlətlərin, böyük mənada isə regionların üzərində qurulduğu üçün, məni bu məsələlər daima maraqlandırır. Buna görə də, Beynəlxalq təhlükəsizlik ixtisası üzrə nəzəri biliklərə yiyələnməyi əsas hədəfim hesab edirəm”.
Bizim universitetin üstünlüyü
Qəbul komandasının bu sualında qəsd etdikləri məna universitetin nə qədər yaxşı araşdırılması ilə bağlıdır. Əgər, tələbə deyirsə ki, “Sizin universitet dənizin kənarında yerləşir, mən də ki dənizin xəstəsiyəm” bu halda, müsbət bir cavabı unutmaq lazımdır. Tələbə öncə bir neçə reytinq saytına (QS, THE World University Rankings kimi) göz gəzdirir və universitetin reytinqini müəyyənləşdirir. Daha sonra isə, həmin ixtisas üzrə dərs keçən müəllimlərin profilini araşdıra bilər və məlum olar ki, universitet ixtisasa görə dünyada ən yaxşı 20-likdə qərarlaşıb və müəllimlərinin prestijli jurnallarda yazıları çap olunub. Eyni zamanda aydınlaşdırıla bilər ki, universitetin tələbələri dünyanın müxtəlif millətlərindəndir və bu atmosfer fərqli mədəniyyətləri tanımaq üçün ideal bir yer olacaqdır. Bu kimi nüansları qeyd etməklə, tələbə universitetə maraqlı olduğunu və kifayət qədər araşdırdığını da sübut etmiş olar. Universitet komandasının eşitmək istədiyi də məhz budur.
Sizi nəyə görə qəbul etməliyik?
Bu suala ultra-eqoist şəkildə cavab verməyə ehtiyac hiss etmirəm. Tələbə ancaq üstünlüklərini qeyd edərsə, “hər şeyi bacarıram” kimi bir yanlış görünüş yaradarsa, “O zaman təhsilə nə ehtiyacınız var?” sualı qarşısında itib-bata bilər. Məsləhət budur ki, üstünlük hesab olunan nüanslar qeyd oluna, çatışmazlıqlara da yer saxlanıla bilər. Məsələn, “Heç bir zaman bakalavr müddətində universitetdən kənar akademik və sosial fəaliyyətimin təhsilimə problem yaratmasına imkan verməmişəm. Yaxud, fiziki qüsurlu şəxslərə psixoloji dəstəklə bağlı 4 aylıq könüllü proqrama qoşulsam da, həmin ili bütün qiymətlərim 85 və üzəri olmuşdur. Bu kimi fəaliyyət proqramlarına könüllü olaraq qoşulmağı və balansı qorumağı sizin universitetdə də əsas hədəf kimi götürmüşəm. Çünki, sizin saytınızda görmüşdüm ki, universitetin nəzdində risk qrupları ilə çalışan tələbələr və ekspertlər var. Son olaraq bildirmək istərdim ki,xarici ölkədə olmamağımı çatışmazlıq hesab etməyimə baxmayaraq, inanıram ki, sizin mənə verəcəyiniz dəstək nəticəsində adaptasiya mərhələsini də rahat keçə biləcəyəm”.
Ən güclü və zəif tərəfiniz
Bu sualı motivasiya məktublarında rastlaşdığımız “SWOT analizi”kimi də qəbul etmək olar. Bu suala da tam səmimi və rahat şəkildə cavab vermək lazımdır. Qəti şəkildə düşünməyin ki, “zəif olduğumu bilsələr, universitetə çatan kimi güllələyəcəklər məni”. Mənim düşündüyüm cavab isə səmimiyyətimi qorumaqla belə bir konteksdə ola bilər: “Ən güclü tərəfimi bir şeyi hərtərəfli analiz etməkdə görürəm. Çünki, düşünürəm ki, bir şey haqqında, xüsusilə elmi yanaşmadan söhbət gedirsə, qərar vermək asan bir iş olmalı deyil. Elmi bir məqalə hazırlayarkən nüfuzlu istinad mənbələrini uzun-uzadı analiz etməyi sevirəm. Bu həm qərarıma olan güvənimi, həm də nəticənin keyfiyyətinə birbaşa müsbət təsir göstərir. Zəif tərəfim isə mükəmməliyyətçiliklə bağlıdır. Bəzən etdiyim bir xırda səhvi özümə bağışlamağım həftələrimi ala bilir və ya məni risk etməkdən çəkindirir. Bu aralar isə bir sıra məqalələr oxuyaraq və dostlarımın köməyi ilə perfeksionist yanaşmadan yayınmağa çalışıram”.
Təhsil müddətində və sonra planlarınız
Bəzən tələbələr düşünür ki, əgər desəm ki, qalıb orada işləmək istəyirəm, məni o universitet qəbul etməz. Yanaşma yanlışdır. Heç bir universitet akademik və/və ya sosial fəaliyyəti üstün olan tələbəni bu kimi karyera planına və ya arzusuna görə qəbuluna imtina verməz. Bu baxımdan, çox rahat şəkildə demək olar ki, “Universiteti bitirdikdən sonra əsas hədəflərimdən biri sizin ölkədəki X1 şirkətində təcrübə proqramı keçmək və mümkün olacaqsa, karyeramı orada başlamaqdır. Təhsil müddətində isə, Eramus proqramı vasitəsilə digər bir ölkədə 1 semestr təhsil almağı arzulayıram. Çünki, fərqli universitet, fərqli ölkə və fərqli millət mənim dünyagörüşümü maksimum dərəcədə genişləndirəcək və mənim şəxs kimi formalaşmağıma daha çox töhfə verəcəkdir”.
Yekun
Yekun olaraq bildirim ki, bu məqaləm ilə universitetlərə qəbul üçün müsahibə qaydalarını (və ya suallarını) qəlibləyərək məhdudlaşdırmağı məsləhət görmürəm. İmkan daxilində çalışmaq lazımdır ki, seçilən universitet, şəhər, ölkə barədə yetəri məlumat əldə olunsun və tələbə öz ixtisası barədə yeniliklərdən xəbərdar ola bilsin. Çünki, bəzi hallarda gözlənilmədən ixtisas və ya qlobal məsələlərə aid sual da verilə bilər. Bir də görürsən ki, “Sizi qəbul etməsək, planlarınızda nə kimi dəyişiklik ola bilər?” kimi qeyri-adi suallar da soruşulur. Bu nöqteyi-nəzərdən nə qədər çox hazırlıq, bir o qədər çox şans deməkdir.
2021-04-29
Bloqu paylaşın:
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
The language we learn since our childhood at home develops our identity.
Linqvistika
baxış
Məşhur Grammar Azi səhifəsinin admini, Murad Hüseynovla müsahibəmi təqdim edirəm.
Linqvistika
baxış