Dil öyrənmək və məcburiyyət

İnsan, əksər digər canlılar kimi, həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir. İstər əqli, istərsə də fiziki. Tarix boyu bu növ məcburiyyət qarşısında cürbəcür iqlimlərə, coğrafi müxtəlifliklərə, tarixi şəraitlərə öyrəşib sağ qalmağı bacarıb. Bəs bütün bunların dilə nə aidiyyəti?

Doğulanda insanın dillə ilk təması dinləmə (Listening) ilə gerçəkləşir. O hələ 1-2 yaşına kimi ancaq qulaq asır, ailə üzvlərinə, qohumlara, cizgi filmlərə və s. Müəyyən vaxtdan sonra artıq başlayır qırıq-qırıq danışmağa, səhvlər edə-edə. İlk kəlmələr əksərən ehtiyaclarla bağlı olur: yemək, su, köməyə çağırmaq və s.. Bütün bunlar məcburiyyətdən, həyatda qalma arzusundan doğur.

Bu prosesin oxşarları yetkin yaşlarda da baş verir. Baxırsan ki, orta statistik azərbaycanlı öz dilindən başqa rus və ingilis dillərini bilir. Nə üçün? İş üçün, təhsil üçün, sosial status üçün və s. Əksər britaniyalı, amerikan, avstraliyalı ancaq ingiliscə danışır. Çünki bu dildə təhsil də, iş də əlçatandır, üstəlik dünyanın harasına getsə, onunla bu dildə danışacaqlar. O da xüsusi bir ehtiyac hiss etmir.

Bu qanunauyğunluqdan şüurlu şəkildə öz xeyrimizə necə istifadə edə bilərik? Özümüzü, öyrəndiyimiz dili "istehlak ve istehsal" etməyə məcbur olacağımız mühitlərin, situasiyaların ortasına atmaqla. Məsələn, bu dildə danışan dostlar, bu dildə danışan ölkədə yaşamaq, bu dildə danışılan iş yeri, sosial mediada qruplar və səhifələr. Məcbur qaldıqda görəcəksiniz ki, beyniniz bir yolunu tapıb bu dili özünüzün də gözləmədiyiniz sürətdə və keyfiyyətdə öyrənəcək.

İnsan öz gücünü, nələrə qadir olduğunu ən yaxşı məcburiyyət qarşısında anlayır.

2021-04-23

Bloqu paylaşın:

author photo
MüəllifMəhəmməd Emin

IELTS təlimçisi, TIME ACADEMY şirkətinin qurucu direktoru

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon