Dil öyrənmək və məcburiyyət
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
Yeni dil öyrənərkən dinləmə, danışıq, yazı, oxu, qrammatika və söz bazası paralel şəkildə inkişaf etdirilməlidir; ancaq bunlar arasında bəlkə də ən önəmlisi elə söz bazasıdır. Əgər yetərli sayda söz bilmiriksə, nə dinlədiyimizi və oxuduğumuzu anlaya, nə yaza, nə də öyrəndiyimiz qrammatik qaydaları tətbiq etmək üçün cümlə qura bilərik.
Dil öyrənənlərin əksəriyyətinin əziyyət çəkdiyi məsələlərdən biri məhz yeni sözləri öyrənməkdir. Daha doğrusu, hər kəs sözləri öyrənir, ancaq necə və nə dərəcədə yararlı şəkildə? Bəs necə edək ki, öyrəndiyimizi düşündüyümüz sözləri həqiqətən öyrənmiş olaq? Bununla bağlı həm üsullar təqdim etmək, həm də öz təcrübələrimi bölüşmək istəyirəm.
Ümumiyyətlə, söz bazası aktiv və passiv olaraq 2 yerə bölünür. Anladığımız, danışarkən və yazarkən istifadə edə bildiyimiz sözlər aktiv söz bazasındakı sözlər, dinləyəndə və ya oxuyanda anladığımız, lakin istifadə edə bilmədiyimiz sözlər isə passiv söz bazasındakı sözlərdir. Bizim məqsədimiz sözləri elə öyrənməkdir ki, onlar aktiv söz bazasına daxil olsun. Əksər hallarda, dil öyrənənlər yeni sözləri bir siyahı şəklində öyrənir, əzbərləyir və bununla da sözü bildiklərini düşünürlər. Ancaq bu halda sözlər bizim passiv söz bazamıza daxil olur, nəticədə danışarkən və ya yazarkən istifadə edə bilmirik. Buna görə də sözlər kontekst daxilində öyrənilməli və istifadə edilməlidir. Bunu necə edə biləcəyimizə baxaq.
1-ci üsul - səviyyələrə görə bölünmüş hekayə kitabları oxumaq və onlardan sözlər öyrənmək. Bu üsul aşağı səviyyədə olan tələbələr üçün daha əlverişli hesab edilə bilər, çünki bu cür kitabların dili sadə olur, həmçinin bu tələbələr növbəti üsullarda qeyd edəcəyim yollardan istifadə etməkdə çətinlik çəkirlər. Bu halda oxuduğumuz hekayənin məzmunu bizə kömək edəcək ki, orada görüb öyrəndiyimiz sözlər yadımızda daha yaxşı qalsın. Sözün mənasını unutsaq belə, hekayənin hansı hissəsində öyrəndiyimiz yadımıza düşür və dərhal mənasını xatırlayırıq. Məsələn, mən ingilis dilini sadəcə bir fənn kimi deyil, aktiv şəkildə öyrənməyə 6-7-ci siniflərdə oxuyanda başlamışam və elə ilk etdiyim şeylərdən biri “elementary”, “pre-intermediate” səviyyəli kitablar alıb onları oxuyaraq bilmədiyim sözləri öyrənmək olmuşdu. Həmin vaxt öyrəndiyim sözlər məktəbdə əzbərlədilənlərdən daha yaxşı yadımda qalırdı.
2-ci üsul - filmlərə baxmaq və onlardan sözlər öyrənmək. Filmlərə daha çox artıq həmin dildə ən az “pre-intermediate” səviyyəsində olan tələbələr baxırlar, çünki daha aşağı səviyyələrdə olan şəxslər filmlərdə eşitdiklərinin çox az bir qismini başa düşürlər. Nəyisə vizual şəkildə öyrənmək əksər insanlar üçün daha rahat olur, elə filmərə baxarkən də səhnələri yadımıza salaraq orada eşitdiyimiz sözlərin mənalarını yadda saxlaya bilərik. Yenə öz dil öyrənmə təcrübəmə əsaslanaraq deyə bilərəm ki, səviyyələrlə olan kitabları oxumağa başlayandan bir müddət sonra “Peace Corps” vasitəsilə hər il ölkəyə gələn amerikalı könüllülərdən biri 2 ay bizlə yaşadı və ondan ingiliscə bir xeyli film köçürdük, həmin filmlərə baxarkən öyrəndiyim sözlər çox rahat şəkildə yadımda qalırdı. Hətta həmin dövrün söz bazamın artmasına ən çox töhfə verən dövrlərdən olduğunu deyə bilərəm.
3-cü üsul - məqalələr oxumaq. Məqalələr daha akademik olduğuna görə bu üsul ən az “intermediate” səviyyədə olan tələbələr üçün əlverişli ola bilər. Xüsusilə maraq dairənizdə olan məqalələr oxusanız, onları anlamağa daha həvəsli olacaqsınız və beləliklə, sözlərin mənasını daha rahat yadda saxlayacaqsınız.
Bu üsullardan hansını tətbiq etməyinizdən asılı olmayaraq, növbəti addımınız həmin sözləri istifadə etməyə çalışmaq olmalıdır. Məsələn, bir filmə baxdıqdan sonra 20 yeni söz öyrənmisinizsə, o sözlərdən istifadə edərək bir hekayə qurmağa çalışa bilərsiniz. Yaradıcılığınız zəifdirsə, ən azı onları cümlələrdə işlətməyə çalışmalısınız. Bundan əlavə, bir mövzu götürüb o sözləri istifadə edərək danışsanız, həm sözlər möhkəmlənər, həm də danışığınız inkişaf edər.
2021-05-02 18:51
Bloqu paylaşın:
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
The language we learn since our childhood at home develops our identity.
Linqvistika
baxış
Məşhur Grammar Azi səhifəsinin admini, Murad Hüseynovla müsahibəmi təqdim edirəm.
Linqvistika
baxış