İş tapşırmaq qaydaları və kimdən sizə işçi olmaz?!

Bugünün ən böyük problemi vaxt qıtlığıdır. İstər rəhbər şəxs olsun, istərsə də icraçı, hamının vaxtla bağlı, daha doğrusu, işi çatdırmaqla bağlı problemləri var. Rəhbərlər elə bilir ki, onlar bütün işi lazımi qaydada tapşırır, icra yolunu göstərir, amma işçilər vaxtında yerinə yetirə bilmir. İşçilər də elə bilir ki, rəhbər dağınıqdır, bəzi işləri tam, bəzilərini yarımçıq ötürür deyə, sonda nəticə olmur. Gəlin görək, rəhbər tapşırıq verərkən nələri diqqətə almalıdır?

1. Yaxşı iş tapşıra bilmək yaxşı idarəçilik deməkdir. Bunun hansısa işi üstündən atmaqla əlaqəsi yoxdur. Yaxşı iş tapşırmaq həm də daha çox strateji işlərə vaxt ayıra bilmək deməkdir. Yaxın dostumuzun da dediyi kimi “bizə indidən belə boş vaxtlarımız daha çox pul qazandırır”. Əməliyyatın içində itib-batmış rəhbər təcili addımlar atmasa, sona qədər də işi axarına qoya bilməyəcək. Deleqasiya mütləqdir. Siz maksimum deleqasiya etməyə çalışın, qoyun şirkətdə çalışan ən kiçik işçi belə düşünsün ki, burada müdir nə edir ki, əsas işi biz görürük. Problem deyil, düşünsünlər, təki iş getsin. Azərbaycanda onsuz da udanda komanda udur, uduzanda məşqçi. Siz əsas hədəflərinizi təyin edin, insanları da ora doğru yönəltməyi bacarın.

2. Rəhbər şəxs “böyük şəkli” görməyi bacarmalıdır. Şirkətin hara gedəcəyini, hara getməli olduğunu, bunu necə etməli olduğunu müəyyən edəndən sonra tapşırıqları komanda arasında düzgün bölüşdürməyi bacarmalı, prosesləri “yuxarıdan” izləməlidir.

3. Rəhbər şəxsin texniki keyfiyyətlərindən daha çox onun liderlik, insanları motivasiya edə bilmə, bir hədəfə doğru istiqamətləndirə bilmə bacarığı üstün olmalıdır. İdarəçilik qazanılan vərdişdir, ixtisas isə daha çox öyrənilən.

4. Rəhbər şəxsdə Azərbaycan reallığında çox güclü təqib qabiliyyəti olmalıdır. Təqib olmadısa iş demək olar ki, ya yerinə yetirilməyəcək, ya da gecikəcək. Hətta təqib qabiliyyətini mən bizim reallıqda rəhbər şəxslər üçün birinci sıraya qoyardım. Təqib etmədiyin iş sənin deyil.

5. Rəhbər detallara enməməli, bəzi tapşırıqlarda tam məsuliyyəti və səlahiyyəti komandaya ötürməlidir ki, kreativliyə, yeni baxış, yeni yanaşmaya meydan yaransın. Rəhbər tapşırığa nə qədər çox müdaxilə etsə, bir o qədər də nəticəsini komandası ilə bölüşmüş olur. Düzdür, istənilən halda performansdan sonda rəhbər məsuldur, amma özü də prosesə müdaxilə edəndə komandaya əlavə bəhanələr vermiş olur.

6. Bu o demək deyil ki, rəhbər şəxs işi tapşırdısa, onun gedişatı ilə maraqlanmamalıdır. Əksinə öncədən müəyyən edilən hədəflər, layihələrin, işlərin hərəkət planını təsdiqləməli, onun üçün vaxtlar (deadline) müəyyən etməli, həmin “deadline” komanda ilə razılaşdırılmalı və ondan sonra təqib prosesi nizamlı şəkildə aparılmalıdır. Ciddi yayınmalar olarsa, o halda müdaxilə edilə bilər.

7. Tapşırılan işin şirkətə nə kimi faydası olduğunu onu icra edən işçi də başa düşməlidir. Üstəlik yaxşı olar ki, işçi öncədən bilsin ki, ondan işin icrasını hansı səviyyədə görsələr, məmnun qalacaqlar. Bəzən işçiyə iş tapşırırsan, işçi həmin işi normal da yerinə yetirir, amma gördüyü işin nəyə yaradığı haqqında heç maraqlanmır, ya da hansısa fikrə sahib deyil. Belə olan halda tapşırıqlar işçi üçün getdikcə monotonlaşa bilər. Hər bir işçi hansısa uğurda payının olduğunu bilməkdən məmnunluq duyar.

8. İşin icra prosesində əməkdaşlara dəstək olmaq, tənqiddən uzaq olmaq lazımdır. Hətta uğursuz olduqda belə daha yaradıcı şəkildə səhvlər müzakirə edilməli, heç bir halda əməkdaşın bacarıqları aşağılanmamalı, hamının yanında pərt edilməməlidir.

9. Yerinə yetirilməyən işə görə işçi ilə sağollaşmaq istəyəndə bunu növbəti səhvinə saxlamamaq, onunla açıq söhbət edib narazılığı bildirməkdə fayda var. Qarşılıqlı narazılıq varsa, bir müddət sonra da düzəlmirsə, o zaman birgə iş mümkünsüz və hər iki tərəf üçün faydasızdır.

Bəs, kimdən Sizə işçi olmaz?

1. Mütəmadi şəkildə “deadline”ları yerinə yetirə bilməyənlər. Bir dəfə olar, iki dəfə olar, amma hər dəfə nəsə gecikdirirsə və bu haqda öncədən heç bir məlumat vermirsə, son anda fakt qarşısında qalırsınızsa, o işçidən sizə işçi olmaz.

2. Ona tapşırılan işlə bağlı öncədən hazırlıq görməyən, son anda tələm-tələsik nəsə edib tapşırığı bağlamaq istəyən işçilər.

3. Tapşırığı hər vəchlə əlavə şərh, suallarla uzatmağa, lüzumsuz mövzular açmaqla tapşırıqdan yayınmağa çalışanlar. Tapşırıq haqqında onu narahat edən mövzuları birdəfə deyil, hissə-hissə bildirərək vaxt udmağa çalışanlar da eyni qəbildəndir.

4. Planlı olmayan, ona verilən tapşırıqları qeyd etməyən, “onsuz yadımda qaldı” deyib sonradan unudanlar və ya qeydi hara etdiyini belə xatırlamayanlardan da əlinizi üzün.

5. Rəhbər tapşırıq haqqında ondan soruşmadıqca, heç bir məlumat verməyən, tapşırığı olmadığı halda sakitcə oturub nə vaxt tapşırıq veriləcəyini gözləyən işçilər düzəlməyib, heç vaxt da düzəlməyəcəklər.

6. Şirkətdən bir dəfə yox, bir neçə dəfə getmiş əməkdaş bir gün mütləq yenə gedəcəkdir. Bunu praktika sübut edib artıq. Hər qaytarmağa çalışdıqca daha çox o işçini itirirsiz. İşçi də özü haqda lüzumsuz yüksək fikrə sahib olur, qayıdandan sonra komanda daxilində ab-havanı da pozmuş olur. “Giden, kaybedendir” – misalı, getdisə, göndərin.

7. Rəhbəri ilə ünsiyyətdən, kontaktdan, müzakirədən imkan tapdıqca qaçan, daha az ünsiyyətdə olmağa çalışan işçilər. Bu adamlar daha çox iş tapşırılmasını istəmədikləri üçün ya da öz işlərinə daha çox vaxt ayıra bilmək üçün göz-gözə gəlməkdən yayınarlar. Yenə praktika.

8. Öz həmkarının səhvini onu etdikdən sonra rəhbərinə bildirənlər də siyasətcil işçi kimi sizə fayda verməz. Öz marağı üçün şirkətin ziyana getməsinə rahat göz yuma bilər.

9. İş prosesində güzəştə getməyə eqosu imkan verməyən, sona qədər öz dediyindən dönməyənlər getdikcə daha çəkilməz olur.

2021-05-18 12:51

Bloqu paylaşın:

author photo
MüəllifRafiq Hunaltay

Starex şirkətinin rəhbəri

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon