Varlıq və ölüm haqqında düşüncələr

Ey kor! Bu yer, bu göy, bu ulduzlar, boşdur boş!

Burax onu bunu, sən könlünü xoş tut xoş!

Bu durmadan qurulub-dağılan aləmdə

Bir nəfəsdir alacağın, o da boşdur, boş!

Ömər Xəyyam

Yaşadığımız çağ keçmiş əsrlərdən, hətta yaxın onilliklərdən belə kəskin şəkildə fərqlənir. Bəşəriyyətin gələcəyinin hansı yöndə getdiyini isə iç-içə keçmiş fərqli proseslər yumağı içindən bu proseslərin bir subyekti olaraq təxmin etmək olduqca çətindir. Keçmiş, bu gün və gələcəkdə dəyişməyən nadir həqiqətlərdən biri isə insan həyatının faniliyi, ölümdür. Ölüm həqiqəti dəyişmir, amma onun qavranış şəkli keçmişlə müqayisədə çağdaş dünyada olduqca dəyişmişdir. Məlumdur ki, sosial şəbəkələr vasitəsi ilə artıq həyatda olmayan adi insanların belə vaxtilə etdiyi paylaşımlarını, düşüncələrini, fikirlərini görmək, onların hansı zaman dilimi içində (hətta çox zaman dəqiq saatına qədər) paylaşıldığını aydınlaşdırmaq mümkündür. Bu bir tərəfdən ölüm fenomeninin daha açıq-aydın şəkildə dərk edilməsinə gətirib çıxararkən, digər tərəfdən isə onu triviallaşdırır.

İnsan iradəsi və ağlı bütün dünyaya hakim olsa da insanın gücsüzlüyünün və zəifliyinin simvolu olaraq ölüm bütün bu hakimiyyətinin ortasında insan arzusunu və həvəslərini məhv edir. Həyatın qısa olması həqiqəti əksər insan üçün zehinlərinin bir kənarında gizlənmişdir və onun yerinə isə həyatın əbədiliyi haqqında yanlış düşüncələr yerləşmişdir. Müəyyən mənada bu başadüşüləndir, ölümün kölgəsi insan üzərində gəzərkən, yaşamaq, həyatdan zövq almaq, qurub-yaratmaq imkansız olur. Yalnız bu dünyada əbədi qalmaq təsəvvürüdür ki, insanları yeni kəşflərə, qurub-yaratmağa və həyatın normal axışı içində məişət qayğıları ilə məşğul olmağa sövq edir. Ancaq hər halda insanın ölümlü varlıq olması məsələsi və onun müxtəlif yönlərdən araşdırılması bütün dövrlərdə öz aktuallığını qorumuşdur.

Bəşəriyyət yarandığı gündən bəri ölüm fenomeninin insanlıq qarşısında duran ən böyük problem olmasına görədir ki, qədim hekayə və əfsanələrin ən yayğın mövzusu ölümsüzlüyün sirləri, ölümsüzlük arzusu olmuşdur. Təbiidir ki, orta əsrlər dövrü bir çox filosofun fəlsəfəsinin əsasını da bu fenomen təşkil etmişdir. Ortaya çıxan dini inanclarda da Tanrı, ölüm, insan və ölümdən sonrakı həyat problemi mühüm yer tutmuşdur. Klassik ənənələrin və inancların öz yerini modern yaşayış tərzinə və anlayışlara verməsindən sonra ölüm mövzusu yeni düşüncə sistemlərində marjinallaşmışdır. Bu da təbiidir. Qərbdəki modernləşmədən sonra rasionalizmin hakim olduğu bir mühitdə ölüm, Baumanın da dediyi kimi, insan ağlına bir təhqir olaraq görülür. İnsan mühakiməsi davamlı olaraq yaxşı və pis arasında seçim edərkən, ölüm hadisəsində isə belə bir seçim mümkün görünmür. Bu eyni zamanda elə güclü bir fenomen olaraq ortaya çıxır ki, insan əli ilə qurulmuş, yaradılmış hər şeyi əbədilik təsəvvüründən ayırd edərək faniliyə, nəticə olaraq isə sonsuz bir heçliyə düçar edir.

Modern həyat insanları artan sosial təzyiqlər, eksternal mədəniyət, tarixi irs qarşısında individuallığa sövq etsə də, açıqdır ki, əksər insanlar sosial mühitin təlqin etdiyi çərçivələr daxilində yaşayırlar. Ümumiyyətlə cəmiyyət və fərdlər arasındakı münasibətlərin təbiəti və hansısa qanunauyğunluğu (əgər varsa) sosial elmlərin başlıca predmetlərindəndir. Ölüm fenomeni kontekstində isə bu özündə daha dərin mənaları ehtiva edən, gündəlik məişət qayğıları içində çox insanın gözündən qaçan bir məsələyə çevrilir. Sosial mühit insanların individual seçimlərini yönləndirir, onların qərarlarına bu və ya digər formada öz təsiri altına ala bilir. Məhz ölüm fenomenidir ki, insan və onun sosial çevrəsi arasında münasibətləri tamamilə dəyişə bilir. Fəlsəfəsinin böyük bir hissəsini ölümün fərqində olmaqla daha mənalı həyat yaşamaq arasında əlaqəyə həsr edən alman filosofu Martin Haydeqqer (Martin Heidegger) 1927-ci ildə yazmış olduğu “Varlıq və Zaman” əsərində qeyd edir ki, ölüm insanı individuallaşdırır, çünki insan və onun sosial çevrəsi arasında əlaqə kəsilmiş olur. Məhz bu individuallıq həyat boyunca varlığını sürdürən inancların, düşüncələrin, həyata baxışın mahiyyətini tamamilə dəyişir, insana çox uzaq gələn həyatın sona çatması və ölüm həqiqəti özünü daha yaxından göstərir və insana yaxın olan onun sosial çevrəsi birdən-birə yaxınlaşması mümkün olmayacaq qədər uzaqlaşır. Haydeqqer iddia edir ki, ölüm anında insan günlük həyatda mənimsədiyi perspektivdən daha fərqli bir perspektiv mənimsəyir və dünyanı daha fərqli görür. Beləliklə, Haydeqqerə görə ölüm anında insanın həqiqi varlığı bütün fani təzyiqlərin, mühitin təsirindən çıxaraq özünü göstərmiş olur. Haydeqqer təəssüflə yazırdı ki, bir çox insan öz həqiqi varlığını ortaya çıxarmaq yerinə, sürü psixologiyası ilə hərəkət edərək ömürlərini boş yerə keçirmiş olurlar. Ölümün fərqində olmaq isə insanları daha mənalı və öz şəxsiyyətləri ilə daha barışıq həyat yaşamağa yönləndirir.

Düşüncə sistemlərində həqiqət və heçlik arasında bir yerə qoyulan ölümü insan zehni mütəmadi olaraq unutmağa, uzaq göstərməyə çalışır. Bu əbədilik təsəvvürü yuxarıda da qeyd edildiyi kimi insanların həyata bir formada bağlanmasını, gündəlik məişət qayğıları içində həyatın davam etməsini təmin edir. Bu insan zehnində o qədər güclü yer tutur ki, qaçınılması imkansız olan bir son olmasına baxmayaraq insanları həyata əbədilik qalacaqları illüziyası ilə bağlaya bilir. Dostoyevski “İdiot” əsərində Mışkin obrazı üzərindən insanın varoluşa güclü bağlılığını, ölümü zehnində uzaq görmə meylini mükəmməl şəkildə ifadə edir. Edam etmək üçün aparılan Mışkin zehnində yaşamaq və ölüm arasında get-gəllər yaşayır və üç küçə sonra edam ediləcəyi həqiqətini zehnində əbədiyyət qədər uzağa yerləşdirməyə çalışır. Qısa zaman sonra edam edilərək öldürüləcəyinin şüurunda olsa da bir insanın ölüm qarşısında həyata necə dörd əllə bağlandığını usta şəkildə göstərən Dostoyevski əslində bütün varlığın ölüm-həyat qarşılaşmasında zehni olaraq varoluşa yönəldiyini ifadə etmişdir.

İstər həyat və ölüm haqqında dinlərin rasional olmayan dəyərləndirmələri, istərsə də modernizm sonrası düşüncənin ölümü yalnız tibbi nöqteyi-nəzərdən dəyərləndirərək bir heçlik olaraq görməsinin insanlarda məmnuniyyət duyğusu yerinə zehni qayğılar yaratması onun pandemiya, terror və müharibə kimi müxtəlif fəlakətlərlə qarşı-qarşıya olan bəşəriyyətin zehni ehtiyaclarını ödəyəcək şəkildə alternativ formada dəyərləndirilməsini zəruri edir. Bəlkə də həyatın əbədi olması illuziyası insan zehnindən silinsə, onun qısalığı daha dərindən qavranılsa bəşəriyyətin bu gün qarşılaşmış olduğu problemlərin bir qismi öz-özünə həllini tapacaqdır.

2021-05-20

Bloqu paylaşın:

author photo
MüəllifBayram Əliyev

TIME ACADEMY məzunu, araşdırmaçı

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon