Həyatın mənası(zlığı)

Görəsən yaşadığımız həyatın mənası nədir? Hərdən boş vaxtımız olanda bu sual haqqında düşünür və müəyyən nəticələrə gəlirik. Bəzilərimizə görə hazırda olduğumuz dünya keçici bir mərhələdir və var olmağımızın məqsədi onu uğurla keçib əbədi, həqiqi olan bir yerdə sonsuza qədər yaşamaqdır. Digərlərimiz sualı “xoşbəxt olmaq”, “ailə və/və ya övlad sahibi olmaq” olaraq cavablandırır. Cavab axtarmazdan əvvəl sualın doğruluğunu yoxlamaq yaxşı olardı. Çünki “Qırmızı rəng şirindirmi?” sualına cavab tapmaq, yemək resepti ilə şəhərdə gediləcək yeri tapmağa bənzəyir. Albert Eynşteyn deyirdi ki, “Əgər mənim bir problemi həll etməyə bir saatım olsa idi, onun 55 dəqiqəsini uyğun sualı tapmağa xərcləyərdim. Onu tapdığım təqdirdə problemi həll etmək 5 dəqiqəmi alardı”.

Əgər “Həyat niyə var?” desək, bu bizi həyatın hər hansısa məqsəd üçün var olduğu cavabına yönəldər. Bəs biz onun amalı olduğundan əminikmi? (Qətiyiksə, onu öz beynimizdə yaratdığımız reallıqda axtarmağa davam edə bilərik, amma bunu bilməkdə fayda var ki, şübhə arzuladığımız cavabdan başqa digər alternativləri təqdim edən və reallığın açarı olan bir bacarıqdır.) Olub-olmamasını bilmədiyimiz bir anlayışı, mövcudluğu test edilə bilinən bir anlayışla əvəzləsək yaxşı olar. “Həyat necə olub ki mövcuddur?” bizi daha ağlabatan cavablar tapmağa yönəldir, çünki birinci sualın tapmağa çalışdığından fərqli olaraq, onun varlığını hər an təcrübə edə bilirik. Ən güvənilən mənbə olan elmə əsaslansaq, insan və digər canlıların varlığı nizamlı və xaotik proseslərin təsadüfi nəticəsidir. “Nəticə” — bu söz bir çox şeyi izah edir, yəni var olan həyat sadəcə baş vermişlərin nəticəsidir; onun bizə yönəlmiş ümumi bir məqsədi, planı, beləliklə də mənası yoxdur. O, sadəcə var və öz axarındadır.

Mənasız, məqsədsiz bir kainatda yaşamaq acı reallıq kimi görsünsə də, əslində onu olduğu kimi qəbul etmək şirin təcrübələrə qapı aça bilər. Həyatın əvvəlcədən müəyyənləşdirilmiş mənası olsaydı, insanların seçim şansı olmaz və eyni məqsədə doğru irəliləməyə məcbur qalardılar. Halbuki, yaşadığımız dünya onu totalitar düşüncə və davranışlarımızla sərhədləməyəndə azaddır ki, bu da yaşayanların özləri istədikləri kimi məqsəd qoymasına və həyata məna yükləməsinə imkan verir. Nəticə etibarı ilə, insanlar müstəqil olaraq müxtəlif təcrübələr qazana və fərqli xəyallarını reallaşdıra bilir.

Mənə görə həyat nizamlı və nizamsız dəyişikliklərin məcmusu, bir insan üçün məqsəd isə maddi olaraq digərlərinin müstəqilliklərini hüdudlandırmadan maddi azadlığa çatmaq, intellektual olaraq isə reallığı obyektiv anlamağa çalışmaq ola bilər.

2021-11-13

Bloqu paylaşın:

author photo
MüəllifKamran Hacıyev

TIME ACADEMY mərkəzində ingilis dili müəllimi

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon