Dil öyrənmək və məcburiyyət
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
Əvvəlki hissədə söz verdiyim kimi, bu il məzun olduğum SoMu proqramında keçirilən dərslərlə sizi tanış etmək istəyirəm.
Bir daha qeyd etmək istərdim ki, SoMu Litvanın Kaunas şəhərində yerləşən Vytautas Magnus University və Almaniyanın Mayns şəhərində yerləşən Johannes Gutenberg University tərəfindən təklif edilən, İsveçin Stockholm və Estoniyanın Tartu universitetlərinin də əməkdaşlıq etdiyi “joint-degree” ikiillik magistr proqramıdır.
İki il davam edən magistr proqramı 120 kreditlə tamamlanır, mən əlavə dərs seçdiyimdən proqramı 126 kreditlə başa vurmuşam.
Hansı dərslər tədris olunur?
Birinci semestr Litvada keçirilir. Şəxsən mənim ən çox sevdiyim dərslərin bu semestr boyu keçirildiyini deyə bilərəm. Ümumiyyətlə, iki ilin sonunda tələbələrdən diplom işi yazmaq tələb olunur və tədqiqat işlərinin necə aparılmalı olduğundan tutmuş müsahibələrin götürülmə qaydalarına qədər hər şey bu iki il ərzində öyrədilir. “Research paper”ə aparan bu yolda onun müxtəlif hissələrini ayrıca yazıb və ya kiçikmiqyaslı tədqiqat işləri aparıb semestr boyu müəllimlərə təqdim etməklə tələbələr qiymət alaraq imtahanlardan keçir. Bu dərslərdən biri də “English Academic Writing” dərsidir.
Bu fənn Tərcümə ixtisası (ADU) üzrə təhsil aldığım illərdə də tədris olunsa da, mənim üçün yeni olan mövzular çox idi. Ümumiyyətlə ingilis dilinin akademik yazı qaydalarını öyrətməklə bərabər yalnızca esse yazı qaydaları yox, həmçinin tezis, elmi məqalə yazmaq qaydaları da öyrədilir. “Midterm” və “final” imatahanlarında isə, tələbələr müəllimlərin verdiyi mövzuya uyğun olaraq verilmiş esseni analiz edir, esse yazır və kiçikmiqyaslı bir “research paper” təqdim edirlər. Gündəlik dərslər zamanı isə həmin dərs ərzində keçirilənlərə uyğun yazı tapşırıqlarını yerinə yetirib, “Moodle” platforması üzərində yükləmək lazım gəlir. Məsələn, bizim “midterm” imtahanında iki tapşırıq verilmişdi:
Read an introduction to an essay written by a non-native English speaker a) Comment on the academic style and structural organization of the introduction b) Edit and rewrite the introduction;
Intercultural marriages are on the rise in many parts of the world. Discuss the benefits and challenges of these unions
Onu da qeyd edim ki, bu tapşırıqları yazmaq ənənəvi 2-3 saatlıq imtahan formasında olmur. Semestr ərzində müəyyən vaxt limitləri (deadline) qoyulur və həmin vaxta qədər tapşırıqları bitirib müvafiq bölmələrə yükləmək lazımdır. Final imtahanı üçün mən “TIME ACADEMY”də IELTS hazırlıqlarında iştirak edən tələblərin esselərini analiz edərək “Typical English Language Errors in Academic Writing made by Azerbaijani Students” mövzusunda kiçikmiqyaslı tədqiqat işimi təqdim etmişdim.
SoMu proqramının bəlkə də ən çətin, bir o qədər də önəmli dərsi QQRM dərsidir. Bu dərsdə tədqiqat növləri və tədqiqat aparmağın üsulları öyrədilir. Midterm və final imtahanlarında müvafiq olaraq “research proposal” və “research paper” yazmağınız tələb olunur. Mən isə baza biliklərimdən istifadə edərək, həm mənə maraqlı, həm də kifayət qədər özümə inamlı olduğum mövzulardan birini seçərək “Translation of Colloquial Expressions and Slang words in ‘The Catcher in the Rye’ from English into Azerbaijani” mövzusunda tədqiqat işi aparmışdım.
Əslində bütün dərslərin maraqlı keçməsinin səbəblərindən biri də odur ki, bütün tələbələr öz tədqiqat işlərinə təqdimat (presentation) hazırlayırlar. Müxtəlif ölkələrdən, millətlərdən olan müxtəlif dil daşıyıcıları özlərinə maraqlı olan mövzular üzrə araşdırmalar aparır və hər kəs biri-birini dinləyir, müzakirələrdə iştirak edir. Yəni, tələbələr təkcə professorlardan yox, həmçinin biri-birlərindən də çox şey öyrənirlər. Tədqiqat işlərinin ən maraqlı cəhətlərindən biri də odur ki, daha öncə araşdırılmamış mövzuları tapmaq lazımdır. Həm bu mövzuları tapmaq, həm də araşdırmaq üçün çoxlu resurs tapmaq, kitab oxumaq lazım gəlir. Bu isə özü-özlüyündə tələbələrə dərslərdən də əlavə çox şey öyrədir.
Deyərdim ki, bu dərs bütün SoMu tələbələrinin ən sevimli dərsidir. Burada daha çox media ilə dilin əlaqəsindən danışılır. Dərslər ərzində tələbələrə cürbəcür maraqlı tapşırıqlar verilir. Ən yadda qalanlardan birinə seçdiyimiz sosiolinqvistik bir mövzu üzrə poster hazırlamağı misal göstərə bilərəm. Final imtahanında isə müvafiq mövzu üzrə araşdırma etməli, sorğu aparmalı/müsahibə götürməli və sonda məqalə yazmalı idik. Mən isə həssas olduğum “Azərbaycan dilinin düzgün istifadəsi” mövzusuna toxunmaq istədim. Sosial şəbəkələrdə populyar olan Grammar Azi səhifəsindən ilhamlanaraq, “Grammar Nazi”ləri araşdırdım, Grammar Azi səhifəsinin adminindən müsahibə götürdüm və Grammar Nazis on Social Media adında məqaləmi jurnal məqaləsi formasında təqdim etdim.
Multilingualism in Europe dərsi isə daha çox öyrəşdiyimiz ənənəvi dərslər formatındadır. Semestr boyu dərslər iki müəllim tərəfindən tədris edilirdi. Mühazirələr boyu müxtəlif mövzular haqda öyrənib müzakirələr aparırdıq. Daha sonra isə ikili qruplar halında müəllimlər tərəfindən öncədən verilmiş mövzular üzrə məqalələri oxuyub təqdimat hazırlayaraq SoMu tələbələrinə təqdim edirdik. Həmçinin sual-cavab sessiyalarında da aktiv olmağa çalışırdıq. Həmçinin semestr boyu iki Avropa ölkəsini seçərək orada multilinqualizmi araşdırmaq və təqdimat hazırlamaq da tapşırıqlar sırasında idi, mən Çexiya və Slovakiyanı araşdırıb müqayisəli təhlil aparmışdım. Midterm imtahanında iki cür esse yazmaq tələb edilirdi. Verilmiş məqalələri oxuyub onları ümumiləşdirən və qoyulmuş sualları cavablayan esse yazmaq və daha çox IELTS Writing Task 1 esselərini xatırladan, Eurobarometers 2005 və 2012 statistikalarına baxaraq, Avropada həmin dövrlərin ümumi dil situasiyasını və spesifik olaraq iki ölkəni detallı təsvir etmək tapşırılmışdı. Final imtahanında isə elə bizim (ADU) imtahanlara oxşar formatda verilmiş müddət ərzində semestr boyu keçirilən mövzular üzrə açıq sualları cavablamalı idik.
SoMu proqramının özünəməxsus şərtlərindən biri də, təhsil aldığınız ölkənin dilini öyrənməkdir. Litva dilinin ən çətin dillərdən biri olduğunu desəm, yalan olmaz. Özüm də xarici dil tədris etdiyimdən bu dərsi həm də müəllim gözü ilə dəyərləndirəcəyəm. Onu qeyd edim ki, Litva dili dərsində müəllimimiz ən çox real situasiyalara fokuslanırdı, dərslərdə əsas fokus tələbələr üzərində idi. Öncəliklə müəllim yeni mövzunu izah edirdi, yeni sözləri öyrədirdi, daha sonra isə onun müşayiəti ilə “guided practice” başlayırdı. Onunla birgə yeni öyrəndiyimiz mövzu (sözlər, qrammatika) üzrə cümlələr qururduq. Daha sonra isə “independent practice” hissəsinə keçirdik. Bu zaman müəllim bizi kiçik qruplara bölürdü və öz aramızda verilmiş mövzular üzrə dialoqlar edirdik. Bu zaman dərsdə sadəcə SoMu tələbələri yox, müxtəlif ixtisaslardan da tələbələr iştirak edir. Buna görə də daha çox tələbələrlə ünsiyyət şansınız yaranır. Müəllimimiz bizə həm də Litva mədəniyyəti, tarixi haqda da məlumatlar verirdi.
İndi bizim tələbələrimiz dil öyrənmək üçün ingilis dili kurslarına üz tuturlar, biz də TIME ACADEMY komandası olaraq əlimizdən gələnin ən yaxşısını edirik. Bu dərslərdə fərq onda idi ki, biz real situasiyaları hər gün yaşayırdıq. Məsələn, marketdə alış-veriş haqda olan dialoqu dərsdə öyrənəndə, elə ertəsi gün marketdə də həmin sözləri işlədib dil daşıyıcıları ilə ünsiyyət qururduq.
Midterm və Final imtahlarında isə “listening”, “reading”, “grammar”, və “speaking” üzrə müxtəlif tapşırıqlar verilir və müəyyən vaxt limiti çərçivəsində həmin tapşırıqları tamamlamaq tələb olunur.
Litva dilinə əlavə olaraq, başqa bir dil dərsi də seçmək mümkündür. Mən həmin semestr üzrə Russian Language A1 dərsini seçmişdim. Həmin dərs də eyni qaydada keçirilirdi. Lakin, səviyyə baxımından düzgün dərsi seçmədiyimin fərqinə varmağıma baxmayaraq, sonradan dəyişmək mümkün olmadığından bu dərsdə davam etməli və nəticə olaraq əlavə kredit qazanmaqla kifayətlənməli oldum.
İmtahanlardan sonra, təxminən dekabr ayında Litva semestri başa çatır. Almaniyada isə dərslər aprel ayının əvvəli başlayır. Bu zamanı isə universitet tərəfindən təklif edilən müxtəlif Erasmus traineeship proqramları və ya könüllülük fəaliyyəti ilə də dəyərləndirmək olar. Və ya hər kəs evə gedə bilər.
Aprel ayında isə SoMu tələbələri yeni ölkə, yeni şəhər, yeni universitet, yeni müəllimlər və yeni dərslər ilə qarşılaşır.
QDA dərsi QQRM dərsinin bir hissəsi idi. Düşünürəm ki, olduqca çətin tapşırıqlarla qarşılaşdığımız da olurdu. Mühazirələrdən sonra müəllim bizi qruplara bölürdü və analiz edəcəyimiz bir data təqdim edirdi. Biz də qrup halında, verilmiş datanı analiz edib, müəllimimizə təqdim edirdik.
Eynilə, Reasearch Reporting dərsi də əlaqəli mövzuda idi. Dərslər ərzində həm də sonradan diplom işimiz olacaq tədqiqat etmək istədiyimiz mövzu üzrə araşdırmalar aparırdıq və tədqiqat işimizin planını hazırlayırdıq. Tədqiqat işinin predmeti, sualları, məqsədi haqqında olan tapşırıqları tamamlayırdıq. Onu deyim ki, bu dərs müddətində tədqiqat işinin mövzusuna tam qərar verib düzgün araşdırmalar etdikdə tədqiqat işini aparmaq daha asan olur. Bütün tapşırıqları düzgün yerinə yetirmiş tələbələr araşdırmalarını yarılamış olurlar.
Mənim üçün ən maraqlı olan dərslərdən biri də PPP dərsi idi. Burada ümumiyyətlə layihələr üzrə bütün lazımlı məlumatlar öyrədilir. Layihəni necə qurmaq, necə təşkil etmək, büdcəni necə tamamlamaq, bir sözlə, layihə planlaşdırılması haqqında hər şeyi öyrənmək mümkündür. Bu dərs ərzində olan tapşırıqlarımız da çox maraqlı idi. Semestrin əvvəlində müəllimimiz bizə sorğu göndərmişdi, daha sonra həmin sorğunun nəticələri əsasında komandalar yaratdı və hər komanda üçün bir lider təyin etdi. Tələbələr “heritage, endangered and minority languages” mövzusunda bir dil seçərək Avropa İttifaqına təqdim etmək üçün layihə hazırlamalı idilər. Mən də komanda liderlərindəən biri idim və dərslərdən əlavə, komanda yoldaşlarımızla görüşüb layihə üzərində işləyirdik. Bizim layihəmiz “HELA” adlanırdı. “Hela” idiş (Yiddish) dilində “salam” deməkdir, həm də layihəmizin adının (Heritage Endangered Language Acquisition) qısaltmasıdır.
Bu dərsdə isə dünyanın müxtəlif yerlərində tükənməkdə olan regional və milli azlıqların dilləri barədə mühazirələr olurdu. Avropanın dil siyasətini öyrənməklə bərabər həmçinin həmin dillərin müxtəlif cəmiyyətlərdə tarixi, siyasi, sosial önəmindən danışırdıq. Əslində, həm dərs mövzuları çoxşaxəli idi, həm də müəllimimiz bizi müxtəlif mövzularda məqalələr, kitablar oxumağa həvəsləndirirdi. Hər kəsə isə ayrı-ayrılıqda fərqli məqalələr verilirdi və biz də həmin məqalələri oxuyub araşdırma etdikdən sonra təqdimat hazırlayırdıq. Semestr ərzində final imtahanı və ya tədqiqat işi yazmaq tələb olunmurdu, sadəcə təqdimatları hazırlamaq və məqalələri oxumaq kifayət idi.
Kitab oxumağı sevənlər üçün çox maraqlı dərsdir. Ümumiyyətlə, mövzu sosiolinqvistika ilə bağlı olsa da, ilk növbədə “critical book review” yazmaq öyrədilir. Hər kəs öz maraqlandığı sosiolinqvistik mövzular dairəsində yeni bir kitab seçib oxumalı idi. İlk növbədə, seçdiyimiz kitabı dərs zamanı hər kəsə təqdim etməli idik. Daha sonra isə, seminarlar ərzində hissə-hissə akademik tənqidi kitab icmalını necə yazmağı öyrəndik. Bu zaman hər hissəni öyrənərkən, seçdiyimiz kitab haqqında müvafiq hissəni yazıb göndərməli idik. Yazılarımızı həm öz müəllimimiz, həm də universitet tərəfindən başqa bir “native speaker” yoxlayıb bizə “feedback” verirdi. Final imtahanında isə bütün bu yazdığımız hissələri birləşdirib bütöv kitab icmalı hazırlamalı idik. Mən İnqrid Pillerin (Ingrid Piller) “Intercultural Communication” kitabını seçmişdim. Həm seminarlar, həm də verilən rəylər çox öyrədici idi.
Dil dərslərinə gəldikdə isə, Litva və alman dili dərsləri keçirilir. Əgər əvvəlcədən alman dilini bilənlər varsa, müvafiq səviyyə imtahanında iştirak edirlər. Mən isə A1.1 səviyyə üzrə alman dili dərslərinə qoşulmuşdum. Həmin dərslər də, yuxarıda Litva dili dərslərini izah etdiyim qaydada keçirilirdi.
Almaniya semestrini başa vurduqdan sonra SoMu tələbələri seçdikləri növbəti ölkəyə üz tuturlar. Tələbələrə iki seçim verilir: Stockholm və Tartu universitetləri.
Estoniyada keçiriləcək dərslər daha çox Estoniya tarixi, mədəniyyəti və dilləri ilə bağlı olduğundan mənə daha maraqlı görünən Stockholm universitetini seçdim.
Stokholmda keçirilən dərslər barədə qısa danışmaq istərdim.
Swedish for International Students and Researchers
Baltic Languages in Contact
Lithuanian Language Proficiency II
Language Situation and Language Policy in the Baltic Countries
Semestr ərzində həm Litva həm də İsveç dilləri tədris edilir. Bundan əlavə olan iki dərs isə Baltik ölkələrinin dilləri, dil siyasəti ilə bağlı idi. “Baltic Languages in Contact” dərsində bəzən müəllimin mühazirələrdən sonra verdiyi sualları onlayn platforma üzərindən cavablandırırdıq və seçdiyimiz mövzu üzrə təqdimat hazırlamalı idik. “Language Situation and Language Policy in the Baltic Countries” dərsində isə daha çox tapşırıq var idi. Hər dərsin sonunda verilmiş mövzu üzrə esse (cəmi 10 esse) yazıb onlayn platforma üzərində yükləməli idik. Bundan əlavə, yenə də seçdiyimiz mövzu üzrə həm tədqiqat aparmalı, həm də təqdimat hazırlamalı idik. Mən final imtahanında “The situation of minority languages in Azerbaijan” mövzusunda tədqiqat işimi təhvil vermişdim.
Stockholm semestri bitdikdən sonra tələbələr diplom işini yazmağa başlayır. Bu zaman iki ölkə seçimi verilir: Litva və Almaniya.
Bizim SoMu tələbələrinin əksəriyyəti kimi, mən də Litvanı seçmişdim. Tədqiqat işim “Typical Language Errors in Speaking by Azerbaijani ESL learners” idi. Bu mövzu daha çox “Applied Linguistics” ilə bağlıdır. Mövzu seçimi edərkən müəllimlər tələbələrə kömək edir və təyin edilmiş elmi rəhbər bütün semestr boyu sizin suallarınızı cavablandırır, göndərdiyiniz yazıları yoxlayır. Tədqiqat işlərini təqdim etdikdən sonra isə tələbələr diplom müdafiəsində iştirak edirlər, verilmiş bala əsasən də məzun olurlar. Araşdırma edərkən, TIME ACADEMY tələbələrinin IELTS Speaking imtahanlarından olan səs yazılarından və onlara verdiyimiz “feedback”lərdən istifadə edib tələbələrimizin ən çox etdiyi söz, qrammatika və tələffüz səhvlərini ümumiləşdirdim. Maraqlı olarsa, danışıq zamanı tələbələr tərəfindən tez-tez edilən səhvləri sizinlə də bölüşəcəyəm.
Artıq sevinərək deyə bilərəm ki, mən də SoMu 2022 məzunlarından biriyəm. Universitetdə aktiv fəaliyyətimə görə rektor mükafatı ilə fərqləndirilməyim də məni ayrıca sevindirdi.
Əgər siz də, oxumağı, araşdırmağı sevirsinizsə, bu proqram sizlər üçündür. Müraciət etmək istəsəniz, müraciət qaydaları haqqında öncəki bloqumu oxuya bilərsiniz. Hər kəsə uğurlar arzu edirəm!
2022-08-14
Bloqu paylaşın:
TIME ACADEMY dil mərkəzində aparıcı ingilis dili müəllimi, tərcüməçi, sosiolinqvist
Müəllifin digər bloqları
IELTS
Dil öyrənmək
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
The language we learn since our childhood at home develops our identity.
Linqvistika
baxış
Məşhur Grammar Azi səhifəsinin admini, Murad Hüseynovla müsahibəmi təqdim edirəm.
Linqvistika
baxış