Papaci - Mən kiməm

Tarix boyu insanlar ölümlü dünyanın əzablarından və ötəri həzzlərindən doyub üzlərini mənəvi inkişaf yoluna çevirmişlər. Bu yolun çox yolçuları və müəllimləri olub. Ancaq bu yolun simvollaşmış müəllimi daha çox Budda adı ilə tanınan Qautama Sidhartadır (Gautama Siddhartha). Təsadüfdənmi, zərurətdənmi, elə sonralar da bu ənənə Hindistanda mərkəzləşdi.

Özünü mənəvi inkişafa həsr edənlərin məqsədi aydınlanmaq, Buddanın dediyi kimi, əzablardan azad olmaqdır. Aydınlanmaq üçün insanlar əsasən iki yol izləyirlər: birbaşa yol (direct path) və tədrici yol (progressive path). Tədrici yola aid ola bilər meditasiyalar, yoqa və s. Birbaşa yol isə daha çox 16 yaşında heç bir təlim görmədən aydınlanan Ramana Maharşinin (Ramana Maharshi) adı ilə bağlıdır. O, ən yaxşı və qısa yolun, metodun "mən kiməm?" sualına cavab axtarmaq olduğunu deyirdi. Bu metodla tanışlıq üçün onun birbaşa tələbəsi olmuş məşhur quru, Papacinin (Papaji) 1991-ci ildə yanına gələn tələbələrindən biri ilə dialoqunu tərcümə edirəm:

Tələbə: Müəlimimdən ən yaxşı necə faydalana biləcəyimdən əmin deyiləm. Burada vaxtımı ən düzgün şəkildə dəyərləndirmək istəyirəm, amma bunu necə etməli olduğumu bilmirəm. Mən nə etməliyəm ki, onu evdə etmirəm?

Papaci: Buraya gəlmə məqsədinə çatmağa çalış. Öncəliklə, məqsədini aydınlaşdır. Məqsəd ən önəmli şeydir.

Sən susayanda çaya gedirsən. Sənin məqsədin susuzluğunu yatırmaq olur. Çayla necə bir münasibətin olduğunu soruşmursan. Sənə lazım olan məqsəddir, münasibət yox. Sən buraya srağagün gəlmisən və məqsədin kim olduğunu öyrənməkdir. Tap və bil. Sən özünün kim olduğunu biləndə mənim də kim olduğumu biləcəksən. Ən əsası "mən kiməm?" sualıdır. Sən bunu kəşf edəndə bütün başqa şeylərin və insanların əsil təbiətini dərk edəcəksən. Birinci, bu sualla başla - "mən kiməm?" Srağagün biz bu sualla başladıq. Sən özünü tanımalısan. İndi, mənə de görüm, sənə verməli olduğunu dediyim sual nə idi?

T: Kim?

P: Hə. Tam sual necə idi?

T: Düşünən kimdir?

P: Hə, sənə verdiyim sual bu idi. Bu suala cavab tapmağını demişdim. Bu sualı verməklə "Öz"ə dönməyini və qayıdıb mənə nə gördüyünü danışmağını istəmişdim.

T: Orada nə görürəm?

P: Hə, nə görürsən orada? (Burada Papaci bir kağız parçasına "kim?" sözünü yazıb tələbəyə göstərərkən pauza yaranır) Nə görürsən burada?

T: Kağız üzərində bir söz görürəm.

P: Bu sadə söz sənin sualındır.

T: Mən burada nə görürəm?

P: İstənilən yerdə, bu "kim" haradadırsa. Sənin sualın budur: "Düşünən kimdir?"

T: Sualı görürəm.

P: Sualın haradan gəldiyini görə bilirsən? Diqqətini suala yönəlt və bax gör bu sual haradan qaynaqlanır? "Kim"ə qayıt. Nə görürsən orada?

T: Şeylərin (düşüncələrin) yarandığını görürəm. Biri digərindən doğularaq yaranırlar.

P: Yaranan şeylər obyektdir. Bəs subyekt nədir? Kim düşünür? (Bu düşüncələr kimdən gəlir?) Bu obyektdən diqqətini çək və "kim"in üzərində cəmlə. Bu sondur. İndi sən kökdə, mənbədəsən, elə deyil? Bax gör bu "kim" kimdir? Onun forması nədir? Necədir? Nəyə oxşayır? (Uzun bir səssizlik) Nə baş verir?

T: Sual heç nədən yaranır, boşluqdan və yenidən boşluğa qayıdıb yox olur.

P: Düzdür. Deyirsən ki, sual boşluqda yox oldu. Sual "düşünən kimdir?" idi. Düşünmək üçün sənin zehnə (ağıla) ehtiyacın var, düzdür? İndi düşünmə prosesi nəzarət altına alındı, həbs edildi. Bu, sən "düşünən kimdir?" sualını verəndə baş verdi. İndi proses nəzarətə alınanda, sənin dediyin kimi, sual yox oldu. Sən dedin ki, boşluq var. Başqa nə deyirsən?

T: Boşluqdur, boş bir fəza.

P: Bəli, boşluqdur, fəza. Boşluq oradadır, fəza orada. Bu sənin əsil təbiətindir. Sən onu mövcudluq, fəza və ya başqa bir şey adlandıra bilərsən. Sən onu düşüncə və arzularla ləkələyirsən. Həmin bu boşluq düşüncə və arzuların yoxluğudur. Sənin çiynində yük olanda narahat olursan. Gəl təsəvvür edək ki, ağır bir yük daşıyırsan və bu çətinlikdən, yükdən xilas olmaq istəyirsən. Bu yükü buraxanda sən heç nə qazanmırsan. Əvvəl səndə olmayan yeni heç nə əldə etmirsən. Sən sadəcə narahatlığa səbəb olanı atıb, öz ilkin təbiətinə qayıdırsan, hansı ki, sən özünü yükləməzdən əvvəl oradaydı.

Düşünmək, bu yük həmişə özümüzlə daşıdığımız bir yükdür. Mən sənə bundan necə xilas olmağı göstərirəm. Sən "düşünən kimdir?" sualını verəndə düşünməyi dayandırıb öz əsil təbiətinə qayıdırsan, hansı ki, saf bir mənbədir. Sən həmişə "o"san. Ağıl oraya daxil olmur. Zaman daxil olmur. Ölüm daxil olmur. Qorxu daxil olmur. Bu sənin sonsuz olan təbiətindir. Əgər orada qalsan, qorxu olmayacaq. Oradan çıxanda hər zaman problemlər içində olursan.

T: Məncə, mən bu prosesi daha böyük məsələ halına gətirməyi arzulayıram.

P: Nə?

T: Mənim bunun böyük və möhtəşəm bir təcrübə olacağı yönündə gözləntilərim vardı. Amma bu təcrübə çox adidir. Aydın, adi və boş hiss etdirir.

P: Hə, hər şey boşluqdan yaranır. Bütün kosmos, milyonlarla planet və ulduzlar bu boşluqdan yaranıb. Fəzada asılan milyonlarla planet boşluqdan yaranan bir düşüncədən ortaya çıxıb. Bütün bunlar həmin boşluğa heç bir təsir göstərmədən baş verir.

T: Mən indi bu boşluqda qalmağa çalışmalıyam? Fikirlər boşluqda yaranır. Bəziləri cəlbedicidir, bəziləri məni qorxudur, bəziləri iyrəncdir. Bu fikirlərə bağlanır, özümü onlarla eyniləşdirirəm. Mən bu fikirlərə çevrilirəm. Özümə xatırladana qədər boşluğun varlığını unuduram.

P: Sən bu zaman özünə xatırlatsan, hər şey bitir, hər şey itir. Ən yaxşısı unutmamaqdır. Sadəcə öz rolunu oyna, ancaq unutma ki, bütün bunlar sadəcə səhnədə bir oyundur, dramdır.

Təsəvvür et, bir teatr tamaşa qoyur. Kralın xidmətçisini oynayacaq aktyor son anda xəstələnir və gələ bilmir. Başqa heç bir aktyor uyğun deyil və teatrın sahibi bu rolu oynamalı olur. Tamaşada, teatr sahibinin işçilərindən biri olan kral xidmətçiyə əmrlər yağdırır: "Ayaqqabılarımı gətir, gəzintiyə çıxmaq istəyirəm!" O isə əmrlərə tabe olur, deyilənləri edir, amma heç teatrın sahibi olduğunu unudurmu? O rolunu oynamaqdan zövq alır, çünki bunun bir rol olduğunun fərqindədir. Əgər sən belə yaşasan, "Öz" olduğunu bilərək, istənilən rolu oynaya bilərsən. Əgər bunu bilsən, bütün hərəkətlərin gözəl olar və heç vaxt əzab çəkməzsən. Sən əgər bu boşluğu ani olaraq belə hiss etsən, bunun fərqində olsan, həmişə xoşbəxt olacaqsan. Çünki, biləcəksən ki, bütün bu fiziki dünyanı sən özün əks etdirirsən.

İnsanlar bu baxımdan üç qrupa bölünür. Birinci qrup nə olduğunu heç vaxt unutmur. Ətrafda nə baş verməsindən asılı olmayaraq, onlar bilirlər ki, hər şey “Öz”də baş verir. Bu insanlar “jivanmukta” adlandırılır. Onlar hələ fiziki bədəndə sağ olarkən belə azaddırlar, heç vaxt əzab çəkmirlər. İkinci qrup insanlar əsil təbiətlərini bəzən unudur, bəzən xatırlayırlar. Beləliklə, bəzən özlərini çətinliyə salır, əzab çəkirlər. Fərqindəlilik bir müddət orada olur, amma birdən pis bir xatirə canlanır və bu qrupdan olan insanlar kədərlənir, əzab çəkirlər. Onlar bu zaman nə olduqlarını unudub, bir düşüncəyə bağlanırlar. Bu növ fərqindəlilik qalıcı deyil, ötəri dünyəvi həvəslərdən asılıdır. Üçüncü qrupdakılar isə, bu boşluğun, “Öz”ün qığılcımını belə dadmamış insanlardır. Onlar daim əzablar içindədirlər.

David Godman, "Azadlıq atəşi" (The Fire of Freedom)

Orijinaldan tərcümə: Məhəmməd Emin (2020)

2021-04-25

Bloqu paylaşın:

author photo
MüəllifMəhəmməd Emin

IELTS təlimçisi, TIME ACADEMY şirkətinin qurucu direktoru

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon