Computer-Delivered yoxsa Paper-Based?

Kompüterləşmə IELTS dünyasından da yan keçmədi. Artıq neçə müddətdir ki, həm British Council, həm də IDP (bizdə Barattson) IELTS imtahanını iki formada təklif edərək namizədləri şirin, bir o qədər də çətin dilemma qarşısında qoyur: "computer-delivered" (bundan sonra CD) yoxsa "paper-based" (bundan sonra PB)?

Tələbələrimiz hansını seçməklə bağlı mənə sual verəndə adəti üzrə onlara hazır cavab vermək əvəzinə, hər iki variantın oxşar və fərqli cəhətlərini, üstünlük və mənfi cəhətlərini izah edərək özlərinin seçim etməsinə təşviq edirəm. Gəlin bu müqayisəli analizə bir neçə perspektivdən baxaq.

Öncə deyim ki, daha doğrusu, yazm ki, sualların məzmunu və çətinliyi baxımından heç bir fərq yoxdur. PB sualları sadəcə kompüterə uyğun formata salınıb. Bu zaman təbii ki, cüzi qaçınılmaz dəyişikliklər olub. Bunun da ümumi çətinlik dərəcəsinə təsir etdiyini düşünmürəm.

Listening: Bu bölmə CD imtahanı götürmək istəməyənlərin ən böyük səbəbidir. Sürətli yazmaq, açar sözləri işarələmək PB imtahanlarında daha rahat olduğundan namizədləri qorxudur. Lakin, bütün cavabları yenidən yazmağa ehtiyac olmur. Əksər suallarda variant seçmək və ya uyğun cavabı götürüb yapışdırmaq lazım gəlir. Bundan əlavə, qeyd götürməkçün əlavə kağız-qələm verilir. Sonda PB imtahanında 10 dəqiqə, CD imtahanında isə 2 dəqiqə əlavə vaxt verilir. CD variantında sualları cavab kartına köçürmək kimi bir ehtiyac olmadığından verilən 2 dəqiqə cavabların üzərindən bir də getmək üçün kifayət edir. Adı çəkilən səbəblərə görə, kifayət qədər namizəd, bəlkə də haqlı olaraq, CD imtahanından çəkinir.

Reading: 1 saat ərzində kompüter ekranına "zillənmək" yorucu və bəzi göz problemləri olan namizədlərə uyğun olmaya bilər. Bundan əlavə, bəzi tələbələr kağızdan oxuyarkən daha yaxşı fokuslana bildiklərini deyirlər. Üstünlüklərindən biri odur ki, mətni və sualları eyni anda görmək olur, birindən digərinə getməkçün vərəqləmək lazım gəlmir. Üstəgəl, cavabı mətndən seçib "copy-paste" etmək olur, hansı ki, "axmaq" (silly) "spelling" səhvlərindən namizədi sığortalayır. "Word" proqramındakı kimi, ölçünü dəyişmək, "highlight" etmək mümkündür. Və ən əsası, cavabları sual kitabçasından cavab kartına köçürərkən vaxt (təxminən 5 dəqiqə) itirmirik.

Writing: Bu bölmə yəqin ki CD-nin ən güclü silahıdır. PB-nin “Writing” bölməsində heç bir üstünlüyü ağlıma gəlmir. İlk növbədə, səliqəsiz xətt problemi kökündən həll olur. Bundan başqa, kompüterlə işləmə vərdişi olan namizədlər daha sürətli yaza bilərlər. Ardı var. Səhvləri daha rahat düzəltmək, sözlərin və cümlələrin yerini dəyişmək imkanları ciddi üstünlüklərdir. Və ən asası - bu məqamda fişənglər atılır, şarlar havaya buraxılır - sözləri saymağa ehtiyac qalmır, söz sayı göstərilir.

Speaking: Tamamilə eynidir. Yenə real “examiner”lə baş-başa…

İmtahan qaydaları və formatla tanış olmaq üçün bu videolara baxa bilərsiniz: Listening, Reading və Writing. Özünüz də təcrübi olaraq formatın necə işlədiyini görmək istəsəniz, tanışlıq testlərini yoxlayın: BCIDP.

Gəlin bir neçə başqa məqama da nəzər salaq.

PB imtahanının nəticələri 13 günə, CD imtahanının nəticələri isə 3-7 günə çıxır. Bu da CD imtahanı seçənlərə imkan yaradır ki, “deadline”a 1 həftə qalmışa qədər hazırlaşsınlar. Həm də, CD imtahanları demək olar ki, hər gün və gün ərzində bir neçə dəfə keçirildiyindən tarix və saat baxımından geniş seçim imkanı yaranır.

Digər bir faktor pandemiyadır. Hələ uzun müddət bu virusla yaşamalı olacağıq kimi görünür. Karantin qaydaları sərtləşdikdə, PB imtahanlar ümumi zallarda, onlarla namizədin iştirakı ilə həyata keçirildiyi üçün təxirə salınır. CD imtahanlar isə bir otaqda 2-3 nəfərin iştirakı ilə də mümkün olduğu üçün bu məhdudiyyətlərdən daha az təsirlənir. Bu baxımdan sərt “deadline”ı olanlar bu faktoru da nəzərə almalıdırlar.

Məsələnin bir də ekoloji tərəfi var. Təsəvvür etmək çətin deyil ki, bu imtahanların keçirilməsi üçün hər il, bəlkə də hər ay, tonlarla kağız israf olunur. Bu da təbiətə ciddi ziyan deməkdir. Artıq ölkəmizdə də kifayət qədər insan və qurum bu və bu qəbildən olan ətraf mühitlə bağlı məsələlərə həssas yanaşır. TIME ACADEMY komandasının da əsas dəyərlərindən biri maksimum ekoloji təmizliyə çalışmaqdır. Ona görə də CD imtahanlarının bir alternativ kimi populyarlaşması bizi sevindirir.

Seçim sizindir. Hər iki halda uğurlar!

2021-05-06

Bloqu paylaşın:

author photo
MüəllifMəhəmməd Emin

IELTS təlimçisi, TIME ACADEMY şirkətinin qurucu direktoru

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon