IELTS nəticəsinə zəmanət

“Minimum filan nəticəyə zəmanət veririk!”

IELTS dərsləri təklif edən müəllim və kursların istifadə etdiyi bu reklam, təəssüf ki, göründüyü qədər məsum deyil. Çünki namizədin nəticəsinə təsir edən faktorların heç də hamısı xidməti təklif edən fərddən və ya qurumdan asılı deyil. Bu baxımdan bu faktorları aşağıdakı kimi qruplaşdırsaq, düşünürəm ki, daha aydın olar:

Xidmət göstərəndən asılı olan faktorlar:

  • proqramın keyfiyyəti
  • dərslərin keyfiyyəti
  • motivasiya
  • performansın yoxlanması
  • düzgün və qurucu (konstruktiv) “feedback”
  • tələbkarlıq
  • və s.

Namizədin özündən asılı olan faktorlar:

  • cari dil səviyyəsi
  • dünyagörüşü
  • nizam-intizam
  • məsuliyyət
  • imtahan stressi ilə bacarmaq
  • imtahan qaydalarına əməl etmək
  • və s.

Xarici faktorlar:

  • imtahanın çətinlik dərəcəsi
  • düşən mövzuların namizədə rahatlığı və ya narahatlığı
  • “Speaking” və “Writing” bölmələrində insan (“examiner”) faktoru
  • hava durumu
  • və s.

Göründüyü kimi, nəticənin müəllimdən və ya kursdan asılılığı təqribən 30-40%-dir. Buna görə də, namizədə belə bir sözün verilməsi ən azından qeyri-səmimidir.

Bəs bunu niyə edirlər?

Belə bir sözün verilməsi tələbənin məsuliyyət hissini azaldır, rahatladır. O düşünür ki, nəticə onun bilik və çalışqanlığından yox, müəllimdən asılı olacaq və bu çox cazibədar təklif kimi görsənir. Beləliklə, təklifi edən daha çox satış edə bilir. Əslində, təklif cazibədardır, amma reallıqdan uzaqdır. Namizəd çalışmasa, imtahan günü özünü pis hiss etsə, həddindən artıq həyəcanlanıb kobud səhv(lər) etsə, imtahanın qaydalarına əməl etməsə, heç bir müəllim, kurs və ya reklam postu onu xilas edə bilməyəcək. Məsələn, mənim tələbələrimdən biri, “Reading” cavablarını cavab kartına köçürə bilməyib 1.0 almışdı bu bölmədən. Buna görə də, hətta 99% ehtimalla tələbənin istədiyi nəticəni rahatlıqla ala biləcəyini bilsəm belə, prinsip olaraq zəmanət vermirəm. Düşünürəm ki, bu etik deyil.

Eynilə, etik dəyərləri üstün tutan qurumlar, həkimlər, məşqçilər insan amilinin mərkəzdə olduğu məsələlərdə nəticəyə zəmanət vermirlər. Biz ancaq öz kvalifikasiyalarımızla, keçmiş tələbələrin uğurları ilə, proqramı keçmiş tələbələrin rəyləri ilə dərslərin keyfiyyətinə zəmanət verə bilərik, nəticəyə yox.

Hansısa elektronika mağazası satdığı telefonlara zəmanət verə bilər. Çünki bunun hesabına artırdığı gəlirlərin cüzi bir hissəsi ilə xarab olan məhsulları kompensasiya edə biləcək. Amma, bu, insan həyatıdır, tələbənin vaxtı, planları və ümidləri xarab telefon deyil.

2021-07-24

Bloqu paylaşın:

author photo
MüəllifMəhəmməd Emin

IELTS təlimçisi, TIME ACADEMY şirkətinin qurucu direktoru

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon