Dil öyrənmək və üzmək

Dil öyrənmək kompleks bir prosesidir. Burada bir neçə müxtəlif bacarıq inkişaf edib sonda danışığın, yazının ümumi səviyyəsinə töhfə verir. Yəni, dil öyrənmək su içmək kimi asan yox, suda üzmək kimi mürəkkəb məsələdir.

İstənilən dili öyrənərkən baxın neçə fərqli bacarığın üzərində işləməli oluruq: söz öyrənirik, qrammatik qaydaları mənimsəməyə çalışırıq, tələffüzü dil daşıyıcılarının tələffüzünə bənzətməyə çalışırıq, axıcı olmağa diqqət edirik, situasiyaya uyğun təbii birləşmələr və cümlələr istifadə etməyə çalışırıq və s. Bu siyahını uzatmaq olar. Eynilə də kənardan bir bacarıq kimi görünən üzməyi öyrənərkən bir neçə bacarıq qazanmalı oluruq: düzgün nəfəs almaq, qolların hərəkəti, ayaqların hərəkəti, qamətin düzlüyünü qoruyub saxlamaq, keçidlər və s. Bu siyahını da xeyli uzatmaq olar.

Ancaq biz nə danışarkən, nə də üzərkən diqqətimizi bu qədər müxtəlif məsələnin üzərində saxlaya bilmərik. Qrammatikaya diqqət edəndə, sözlər yaddan çıxır, tələffüzə fikir verəndə axıcılıq unudulur. Qollara diqqət edəndə nəfəs yaddan çıxır, ayaqlara fikir verəndə keçidlər unudulur. Bəs necə edək?

Bu müxtəlif bacarıqlar diqqət tələb etməyəcək dərəcədə avtomatikləşməlidir. Məsələn, biz gəzərkən rahatlıqla digər işlərlə məğul ola bilirik. Gəzərkən danışırıq, düşünürük, ətrafı seyr edirik, mesaj yazırıq. Çünki artıq gəzmək bizdən xüsusi diqqət tələb etmir. Heç bir yetkin insan gəzmək üçün sağ ayağını qaldırdığına, sağı yerə qoyarkən solu qaldırdığına diqqət etmir, buna xüsusi əmək sərf etmir. Bu hərəkət kifayət qədər təkrarlandığı üçün avtomatikləşib. Nəfəs almaq da buna çox yaxşı misal ola bilər. Meditasiya üçün şüurlu şəkildə diqqəti nəfəs üzərində cəmləyənə qədər bu daimi hərəkət unudulur, digər hərəkətlərin fonunda özü-özünə baş verməyə davam edir.

Üzgüçülük dərsi alanlar təlimçinin “maraqsız” tapşırıqlarını xatırlayarlar: on dəqiqə suyun altına nəfəs vermək, hovuzun kənarından tutub ancaq ayaqları hərəkət etdirmək, yalnız qolları hərəkət etdirmək və s. “Bəs deyirdiniz üzəcəyik?” Reallıq budur ki, bu tapşırıqları etmədən, onları avtomatikləşdirmədən üzmək mümkün deyil. Eynilə də söz öyrənmədən, qrammatikaya bələd olmadan, tələffüzə əmək sərf etmədən, bir sözlə “maraqsız” ev tapşırıqlarını etmədən ciddi və sürətli inkişafa nail olmaq çətin məsələdir. Sözlər, qrammatika, tələffüz yetərincə təkrar edilib avtomatikləşdikdən sonra gəzmək, nəfəs almaq kimi unudulmalıdır ki, insan yalnızca fikrini ifadəyə etməyə çalışsın, öz nitqindən, yazısından zövq alsın.

Həmin dilin danışıldığı ölkədə, mühitdə dili yaşayaraq müəllimsiz öyrənənləri üzməyi kənddə çayda, göldə təlimçisiz öyrənənlərə bənzətmək olar. Bu zaman yuxarıda bəhs edilən prinsiplər mahiyyətcə eyni, formaca fərqli formada öz işini görür.

İngiliscə peşəkar üzgüçü kimi üzmək istəyirsinizsə, digər bloqlarımızı da mütləq oxuyun.

2021-12-05

Bloqu paylaşın:

author photo
MüəllifMəhəmməd Emin

IELTS təlimçisi, TIME ACADEMY şirkətinin qurucu direktoru

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon