IELTS üçün söz bazası (topic vocabulary)

Yeni bir dil öyrənərkən söz bazasını zənginləşdirməyin bir neçə effektiv yolu var. Bunlardan bəlkə də ən önəmlisi mövzular üzrə söz və söz birləşmələri öyrənməkdir. Məsələn, "food" mövzusunu götürüb ona uyğun "fast food", "organic food", "local cuisine" kimi söz birləşmələri (collocations) öyrənirik. Belə olduqda həmin mövzuya hazırlıqlı oluruq, sözlər qrup şəklində daha yaxşı yadımızda qalır və mövzu qarşımıza çıxdıqda bütün öyrənilən sözləri eyni anda yada salmaq ehtimalı yüksəlir.

Xüsusən, IELTS imtahanına hazırlaşırıqsa, bu imtahanda tez-tez rast gəlinən mövzular (common IELTS topics) ətrafında söz bazası formalaşdırmaq bütün dörd bölmə üçün vacib olsa da, yəqin ki, "Writing" və "Speaking" üçün daha önəmlidir. Çünki bu bölmələrdə sözlərin mənasını bilmək kifayət etmir, onları lazımi anda yada salıb istifadə etmək lazım gəlir.

Dilçilikdə mənasını bildiyimiz sözləri "passive vocabulary", istifadə edə bildiyimiz sözləri isə "active vocabulary" adlandırırıq. "Passive vocabulary" bizə "Listening" və "Reading" bölmələri üçün yararlıdır, ancaq "Writing" və "Speaking" üçün öyrənilmiş sözlərin "aktivləşdirilməsi" vacibdir.

"Başa düşürəm, danışa bilmirəm!", "Sözləri bilirəm, ancaq istifadə edə bilmirəm!" şikayətləri, yəqin ki, hamımıza doğma səslənir. Bunun səbəbi də aktiv söz bazasının kasad olmasıdır.

Aktiv söz bazasının passiv söz bazası ilə müqayisədə daha dar olması təbiidir. Dil daşıcıyıları da daxil olmaqla, heç kim bütün bildiyi sözləri istifadə edə bilmir. Bizim üzərimizə düşən istifadədə olan sözlərin sayını artırmaqdır. Nəzərə alsaq ki, sözləri aktivləşdirmək zaman və enerji tələb edir, burada mütləq seçici (selective) olmalıyıq. Yəni vaxt və əmək sərf edəcəyimiz sözləri diqqətlə və ağıllıca seçməliyik. Bunun üçün aşağıdakı kriteriyaları əsas tutmaq lazımdır:

  • Bu söz mənim təcrübələrimə nə dərəcədə uyğundur?
  • Bu söz mənim fikirlərimə nə dərəcədə uyğundur?
  • Bu sözü işlətmə ehtimalım nə qədərdir?

Bu söz mənim təcrübələrimə nə dərəcədə uyğundur?

Öncə baxmaq lazımdır ki, öyrənəcəyim sözün təcrübələrimə aidiyyəti varmı. Məsələn, bələdçi ilə tura çıxmamış birinin "guided tour" sözünə fokuslanması səmərəli olmaz.

Bu söz mənim fikirlərimə nə dərəcədə uyğundur?

Bəzi sözlər təcrübələrimizə uyğun olmayıb fikirlərimizə uyğun ola bilər. Məsələn, əgər mən "guided tour"ları pul itkisi olaraq görürəmsə, bu ifadəni seçə bilərəm. Çünki bu fikir mənimdir və imtahan zamanı da ağlıma gəlib bu sözü özü ilə gətirəcək.

Bu sözü işlətmə ehtimalım nə qədərdir?

Bəzi sözlər təcrübə və ya fikirlərimizə uyğun olsa da, istifadə arealları çox dardır. Başqa sözlə, sözün yerinin gəlməsi ehtimalı aşağıdır. Məsələn, "check-in desk" sözü ölkədən çıxmış hər kəsə təcrübə baxımından uyğun görünə bilər. Ancaq imtahanda hansı sual, hansı situasiya yaranmalıdır ki, biz bu sözü istifadə edək? Bunun əvəzinə daha çox suala cavab ola biləcək sözləri öyrənmək daha səmərəli olar. Məsələn, "holiday destination" sözünü bəlkə də səyahətə aidiyyəti olan bütün suallara verilən cavablarda istifadə etmək olar.

Bu üç kriteriyanı nəzərə alaraq, mövzular üzrə sözlər seçməyə başlaya bilərik.

Növbəti mərhələdə seçilmiş sözləri təcrübə və fikirlərimizə, başqa sözlə ağlımızdakı vizuallara "bərkitmək" lazımdır. (Bu barədə yaddaş barədə bu maraqlı sənədli filmə baxmağı tövsiyə edirəm.) Məsələn, "holiday destination" sözünü götürüb mənim üçün həqiqəti əks etdirən bir cümlə qururam: "Tbilisi is my favourite holiday destination; I visit this city almost every year". Bu mənim həqiqi təcrübəm və fikim olduğundan səyahətdən danışanda təbii olaraq heç bir güc sərf etmədən ağlıma gələcək və özü ilə bu ifadəni də dilimə gətirəcək. Yeni sözü işlətmək xatirinə qurulmuş uydurma cümlələr isə bunu edə bilməyəcək.

Mövzular üçün sözləri müxtəlif mənbələrdən, məqalələrdən, videolardan qarşımıza çıxdıqca toplamaq olar. Başlanğıc üçün IELTS namizədləri arasında çox populyar olan bu mənbədən başlamaq olar. Burada tez-tez rast gəlinən 20 mövzu ətrafında söz birləşmələri verilib. Yuxarıdakı kriteriyaları nəzərə alaraq hər mövzu üçün başlanğıcda 5-7 söz seçib həqiqi hekayə qurmaq (yazılı) onların aktiv söz bazamıza keçməsi üçün çox faydalı olacaq. Mövzular bitdikdən sonra 2-ci raundda bir neçə söz də əlavə edərək 10-14 söz ətrafında keçmiş hekayələri genişləndirməklə həm öyrənilənləri təkrarlamış olarıq, həm də söz bazamızı genişləndirməyə davam edərik.

Bu cür siyahılar yarandıqdan sonra onları, filmlərdə, podkastlarda, məqalələrdə qarşımıza çıxan əlaqəli söz və ifadələrlə zənginləşdirə bilərik. Bu mənbədən məqalələrdən necə faydalanmaq lazım olduğu haqda yazmışam.

2022-08-21

Bloqu paylaşın:

author photo
MüəllifMəhəmməd Emin

IELTS təlimçisi, TIME ACADEMY şirkətinin qurucu direktoru

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon