CELTA nədir?

CELTA-nın açılışı "Certificate in English Language Teaching to Adults"dır.

Kembric Universiteti tərəfindən hazırlanıb tədris edilən bu proqramı bitirənlər dünyada ingilis dili müəllimliyi sahəsində ən prestijli sertifikatı alırlar.

Bir ay intensiv şəkildə davam edən proqram ərzində iştirakçılar dərs planlaması (lesson planning), sinfin idarə edilməsi (classroom management), öyrətmə metodları (teaching methods) kimi bacarıqlara yiyələnirlər.

CELTA dünyanın müxtəlif ölkələrində əhatəli məzmunu və praktiki bacarıqların inkişafına önəm verməsi ilə işəgötürənlərin öncəliyidir. Bəzi qurumlar hətta bu kvalifikasiyanı bu sahədə bakalavr dərəcəsindən üstün tuturlar. Ölkəmizdəki yalnız nəzəriyyəyə əsaslanan və səriştəsiz müəllimlər tərəfindən tədris edilən universitet proqramını nəzərə aldıqda, bu o qədər də təəccüblü deyil.

Tələblər

Proqrama qoşulmaq üçün yaxşı ingiliscə və müəyyən qədər öyrənmə, öyrətmə bacarıqları tələb olunur. Bu sahədə "background" şərt deyil. Dil səviyyəsini təsdiq edən IELTS kimi sertifikat varsa, nə gözəl. Yoxdursa, müsahibə və esse üzərindən də səviyyənin yetərli olub-olmamasına qərar verə bilərlər. İstənilən səviyyə adətən "advanced"dır: IELTS 7.0. Mən müraciət edəndə (2016) IELTS 8.0 nəticəm var idi. IELTS təcrübəm barədə ətraflı bu bloqda oxuya bilərsiniz.

Harada?

Bu təlimi dünyanın bir çox şəhərində, Kembric tərəfindən akkreditasiya olunmuş mərkəzlərdə keçmək mümkündür. Proqram eyni olsa da, təbii ki, keyfiyyət, mühit və qiymətlər arasında fərqlər var. Mən araşdıranda Bakıda yox idi, yuxarıdakı faktorlara əsasən Tbilisidəki mərkəzi (International House Tbilisi) seçmişdim. Peşman olmadım – keyfiyyət də, beynəlxalq mühit də özünü doğrultdu. İştirakçılar arasında Amerikadan, Sinqapurdan "native"lər, gürcülər, ruslar, farslar, ermənilər və s. var idi.

Sonradan elə oradakı təlimçilərlə Bakıda da keçirməyə başladılar. Amma təxmin etdiyiniz kimi, uğurlu olmadı. Üstəgəl, intensivliyi nəzərə alsaq, gündəlik qayğılardan, ailə və dostlardan uzaqda olub diqqəti cəmləmək imkanı verdiyinə görə təlimi başqa ölkədə keçməyin tərəfdarıyam.

Nədən ibarətdir?

CELTA proqramı dediyimiz kimi, bir ay (dörd həftə) çəkir və nəzəriyyədən, müşahidə altında dərs keçməkdən (6 saat) və 4 tapşırıqdan ibarət olur. Leksiyalar metodologiya, idarəetmə, analiz və başqa müəllimə lazım olan mövzuları əhatə edir. İştirakçıların keçəcəyi dərslər təlimçilər tərəfindən təyin edilir və müxtəlif bacarıqları əhatə edir: qrammatika, söz bazası, danışıq, yazı və s. Keçilən dərslər həm təlimçilər, həm də digər iştirakçılar tərəfindən izlənir və müzakirə edilir. Tələbələr bu proqram üçün yığılır. Onlar üçün dərslər pulsuz olduğundan qismən rahat olurlar.

Qiymətləndirmə

Xüsusi bir imtahan yoxdur, qiymətləndirmə proqram ərzində aparılır. Keçilən 8 dərs və yazılan 4 tapşırıqdan alınan ballar əsasında yekun çıxarılır. Təlimi bitirən iştirakçılar bu dörd mümkün nəticədən birini alıarlar: Fail, Pass, Pass B və ya Pass A. Təqribən 75 % iştirakçı Pass alır. Daha yaxşı performans göstərənlər Pass B ilə qiymətləndirirlər. Təqribən 20 % buna nail ola bilir. Demək olar ki, qüsursuz çıxış edənlər Pass A alırlar – bunlar adətən öyrədilən sistem və metodlarla tanış olan təcrübəli müəllimlər olur. Mən 2016-cı ildə Pass B almışdım.

Çətinlik dərəcəsi

Təlimlər səhər 09:00-dan axşam 18:00-a qədər davam edir. Günün geriyə qalanı və həftəsonları keçiləcək dərslərin planlamasına, verilən tapşırıqların yerinə yetirilməsinə sərf olunur. Ona görə də kifayət qədər çətin hesab etmək olar.

Qiymətlər

Qiymətlər ölkədən, şəhərdən və mərkəzdən asılı olaraq 2000-6000 manat aralığında dəyişir. IH Tbilisidə hazırki qiymət 1900 manatdır (aprel 2023).

Öyrəndiyim bilik və bacarıqlar baxımından CELTA-nı şəxsi inkişafıma etdiyim ən uğurlu inversitisiyalardan biri və bəlkə də birincisi hesab edirəm.

2023-03-12

Bloqu paylaşın:

author photo
MüəllifMəhəmməd Emin

IELTS təlimçisi, TIME ACADEMY şirkətinin qurucu direktoru

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon